
2010-10-15
Qafqaz Universitetinin və “Barama” innovasiya mərkəzinin əməkdaşlığı
Qafqaz Universitetinin tələbələri “Barama” innovasiya mərkəzində araşdırmaya başlayıblar. Bu ali təhsil ocağının 10 tələbəsi “Azercell”in təşəbbüsü ilə yaradılan “Barama” layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır.
Barama ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara Azercell şirkətinin əməkdaşları yardımçı olurlar.
Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər.
“Barama” layihəsində tələbələrin tam sərbəst fəaliyyət göstərməsinə şərait yaradılıb və onların işinə heç bir məhdudiyyət qoyulmayıb. Onlar üçün proqram çərçivəsində “Azercell” şirkətinin mütəxəssisləri tərəfindən təqdimatlar keçirilir, məlumat verilir və müxtəlif növ dəstək göstərilir. Məsələyə müxtəlif növ yanaşmanı təmin etmək üçün tədqiqatçı tələbələr hər biri 5 nəfərdən ibarət iki komandaya ayrılıblar. Komanda üzvləri Qafqaz Universitetinin iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi fakültələrini təmsil edirlər.
Bu tədqiqat işi “Azercell”lə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. Staj proqramı özünü təsdiq etmək istəyən istedadlı gənclər üçün gözəl bir şans, bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün unikal bir təcrübədir.