
10 dekabr 2009 il təkcə Azercell üçün deyil, ürəyi yaradıcılıq həvəsi ilə döyünən, beyni kreativ ideyalarla düşünən hər bir azərbaycanlı gənc üçün əlamətar bir tarixə çevrildi. Həmin gün Azercell-in “Barama” layihəsinin ofisi öz fəaliyyətinə başladı bə bununla, Azərbaycanda yeni cəryanın - gənc ixtiraçılar cəryanının təməli qoyuldu.
Yeni ofis Bakının ən qədim, tarixi ənənələrlə zəngin güşəsində - İçərişəhərdə yerləşir. Bu da çox rəmzidir – axı Barama mərkəzi sanki keçmişlə gələcəyi birləşdirən, tarixi dəyərlərdən yenilikçi ideyalara, mütərəqqi informasiya texnologiyalarına aparan bir körpüdür.
Ofisin qapıları, ideyalarını həyata keçirmək istəyən istedadlı gənclər üçün açıqdır. Burada eyni vaxtda 20-yə qədər iştirakçı iş yeri ilə təmin olunur və onlar üçün hər cür şərait yaradılır. Ən müasir standartlara cavab verən avadanlıq, son modifikasiyalı kompyuterlər, sürətli İnternet və kommunikasiya vasitələri – bir sözlə, effektiv iş prosesi üçün lazım olan istənilən avadanlıq - xidmətinizə veriləcək!
Ən əsası isə, “Barama” ofisində işlədiyiniz müddətdə Azercell mütəxəssislərinin köməyinə müraciət edə biləcəksiniz, müxtəlif treninqlərdə professional biliklərinizi artıracaqsınız və hətta işi başa çatdırdıqdan sonra Azercell avadanlıqlarında test sınaqları keçirə biləcəksiniz. Beləliklə, Barama ofisində iş təcrübəsi alıb artıq öz biznesini açmağa tam hazır olacaqsınız. Odur ki, ideyalarınızı bizə göndərin, layihənin iştirakçısı olun – böyük biznesə yol Barama ofisinin kandarından başlayır!